“geceler.az” xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində deyib.
“Lakin iki əsas maneə var. Birincisi, mina təhlükəsidir. Ermənilər işğal dövründə həmin ərazilərdə bir milyondan çox mina basdırmışdılar. 2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsi başa çatdıqdan bu günədək təxminən 400 nəfər mina qurbanı olub. Minalar nəticəsində 70-dən çox insan həlak olub, qalanları isə ağır yaralanıb. Bu səbəbdən biz genişmiqyaslı bərpa işlərinə başlaya bilmirik, çünki, ilk növbədə, təhlükəsizlik təmin edilməlidir.
İkincisi, Qarabağda infrastrukturun tamamilə məhv edilməsidir. Şəhər və kəndlərimiz yerlə-yeksan olunmuşdur. Kanalizasiya, su təchizatı, elektrik xətləri, dəmir yolları, magistral yollar – hamısı tamamilə dağıdılmışdır. Buna görə də bərpanın ilk illərində vəsaitimizin böyük hissəsini məhz infrastrukturun qurulmasına sərf etdik. Paralel olaraq kəndlərin və şəhərlərin tikintisinə də başladıq. Hazırda infrastrukturun inkişafı üzrə artıq yekun mərhələyə yaxınlaşmışıq. Düşünürəm ki, bütün infrastruktur layihələri bəlkə də iki-üç il ərzində tam hazır olacaq.
Hazırda isə vəsaitlərimizi daha çox yaşayış layihələrinə yönəldirik. Artıq gözlə görünür ki, tamamilə heç nə olmayan yerlərdə binalar ucalır. Planımız bütün keçmiş məcburi köçkünlər üçün normal yaşayış şəraiti və iş yerləri təmin etməkdir. Bu proses artıq başlayıb. Dediyim kimi, 50 mindən çox insan artıq öz ata-baba yurdlarında yaşayır”, - dövlət başçısı qeyd edib.