“geceler.az” xəbər verir ki, tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, QAİ-nın Aparat rəhbəri Qalib Qasımov, hüquq-mühafizə orqanları, idarə, müəssisə rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilb. Sonra dövlət himni səsləndirilib.
Tədbirdə, həmçinin Qərbi Azərbaycanla bağlı videoçarx nümayiş olunub.
RİH başçısı Rafiq Cəlilov çıxış edərək bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığımız zəfərdən sonra qarşımızda yeni perspektivlər açılıb. Qazandığımız zəfər işğaldan azad olunan ərazilərə məcburi köçkünlərimizin qayıdışını təmin etməklə yanaşı, həm də soydaşlarımızın əzəli Qərbi Azərbaycan torpaqlarına qayıdışının da təməlini qoyub. Dövlət başçısının bu yol xəritəsini sonadək reallaşdırmaqla bağlı güclü siyasi iradəsi ortadadır və hamımız bunun şahidiyik.
Həmçinin bildirib ki, qəbiristanlıqlar bir xalqın keçmişi, inancı və kollektiv yaddaşıdır. Ona görə də qəbiristanlıqları dağıtmaq həmin xalqın izlərini coğrafiyadan silmək cəhdidir. Bu, həm də hər kəsin bildiyi kimi beynəlxalq humanitar hüququn və insan hüquqlarının ciddi şəkildə pozulmasıdır.
QAİ-nın Aparat rəhbəri Qalib Qasımov çıxış edərək bildirib ki, Ermənistan ərazisindən zorla çıxarılmış soydaşlarımızın beynəlxalq proses çərçivəsində təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına geriyə qayıtmaları, onların fundamental hüquqlarının bərpa və təmin edilməsi ölkəmizin prioritetlərindəndir.
Qərbi Azərbaycandakı soydaşlarımıza qarşı beynəlxalq hüquqa zidd əməllərin cəzasız qalmasından ilhamlanan Ermənistan 30 ildən çox müddətə Azərbaycan torpaqlarını işğal altında saxlayıb.
Ermənilər tərəfindən azərbaycanlılara qarşı yalnız etnik təmizləmə siyasəti həyata keçirilməyib, eyni zamanda soydaşlarımıza məxsus maddi-mədəni irsin yer üzündən tamamilə silinməsinə yönəlik vandalizm aktları törədilib.
Digər çıxış edənlər qeyd ediblər ki, Ermənistan dünyada nadir monoetnik və monokonfessional bir cəmiyyət strukturuna malik dövlətdir. Bu da təbii olaraq orada başqa mədəniyyətə nifrət hissini alovlandırıb və hətta dövlət təbliğatının bir formasına çevirib.
Bu əməllər təkcə tarixi ədalətin deyil, beynəlxalq hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının, UNESCO konvensiyalarının və digər mühüm sənədlərin də kobud şəkildə pozulmasıdır.