“geceler.az” xəbər verir ki, tədbirdə İmişli Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mirzə Quliyev, Qərbi Azərbaycan İcmasının İmişli rayonu üzrə nümayəndəsi Təranə Cabbarova, İmişli rayonunda yaşayan Qərbi Azərbaycan əsilli şəxslər, rayonun idarə və müəssisə kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan İmişli RİH başçısının birinci müavini Mirzə Quliyev qeyd edib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığımız Zəfərdən sonra qarşımızda yeni perspektivlər açılıb: “Qazandığımız Zəfər işğaldan azad olunan ərazilərə məcburi köçkünlərin qayıdışını təmin etməklə yanaşı, soydaşlarımızın əzəli Qərbi Azərbaycan torpaqlarına qayıdışının da təməlini qoyub. Dövlət başçısının bu yol xəritəsini sonadək reallaşdırmaqla bağlı güclü siyasi iradəsi ortadadır və hamımız bunun şahidiyik. Qəbiristanlıqlar bir xalqın keçmişi, inancı və kollektiv yaddaşıdır. Ona görə də qəbiristanlıqları dağıtmaq həmin xalqın izlərini coğrafiyadan silmək cəhdidir. Bu, həm də hər kəsin bildiyi kimi beynəlxalq humanitar hüququn və insan hüquqlarının ciddi şəkildə pozulmasıdır”.
Digər çıxış edənlər nəşrin mövzusunun əhəmiyyəti, məqsədi və aktuallığı barədə fikirlərini bölüşüblər.
Bildirilib ki, Ermənistan ərazisindən zorla çıxarılmış soydaşlarımızın təhlükəsiz və ləyaqətli şəkildə doğma torpaqlarına geri dönməsi, hüquqlarının bərpası ölkəmizin əsas prioritetlərindəndir. Vurğulanıb ki, beynəlxalq hüquqa zidd əməllərin cəzasız qalması Ermənistana 30 ildən artıq müddət ərzində Azərbaycan torpaqlarını işğal altında saxlamağa şərait yaradıb. Ermənistan tərəfindən azərbaycanlılara qarşı yalnız etnik təmizləmə deyil, həm də maddi-mədəni irsin tamamilə məhv edilməsinə yönəlmiş vandalizm aktları törədilib. Qeyd olunub ki, bu nəşrlər təkcə tarixi ədalətin bərpasına deyil, həm də gələcək nəsillərin yaddaşında Qərbi Azərbaycanın zəngin irsinin yaşadılmasına xidmət edir.