“geceler.az” xəbər verir ki, baş prokuror əvvəlcə Azərbaycan Prezidentinin Laçın rayonundakı xüsusi nümayəndəliyində olub.
K.Əliyev müasir və müstəqil Azərbaycan dövlətinin banisi, dahi şəxsiyyət Ulu öndəri Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyaraq dahi liderin xalqımız və dövlətimiz qarşısındakı əvəzsiz xidmətlərini dərin hörmətlə anıb.
Daha sonra baş prokuror Laçın rayon prokurorluğunun inzibati binasında yaradılmış şəraitlə tanış olub, prokurorluq əməkdaşlarının istifadəsində olan yenicə təmir olunmuş xidməti mənzillərə baxış keçirib. Səfər çərçivəsində baş prokuror Qubadlı rayon və Qubadlı hərbi prokurorluğunun xidməti binasında mövcud vəziyyətlə tanış olub, eləcə də, istifadəyə verilməsi planlaşdırılan yeni inzibati binanın təmiri prosesi ilə maraqlanıb.
Səfər çərçivəsində K.Əliyev Cəbrayıl rayon prokurorluğunun inzibati binasında olaraq prokurorluq əməkdaşlarının iş şəraiti ilə tanış olub, onlarla söhbət aparıb.
Həmçinin Kəlbəcər hərbi prokurorluğu və Kəlbəcər rayon prokurorluğunun inzibati binalarında yaradılan iş şəraiti ilə də tanış olub, əməkdaşlarla görüş keçirib.
Qeyd edək ki səfər zamanı K.Əliyevi Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev, Kəlbəcər rayonunda Prezidentin xüsusi nümayəndəsi Bəşir Hacıyev, hərbi prokuror Bəhruz Əhmədov, Baş Prokurorluq və Hərbi Prokurorluğun rəhbər heyəti müşayiət edib.