“geceler.az” xəbər verir ki, tədbirdən öncə Rafiq Alıcanovun büstü önünə gül dəstələri düzülüb.
Ağstafa rayon Mədəniyyət Mərkəzində davam etdirilən tədbirdə dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Ssenari müəllifi və rejissoru Kəmalə Musazadə, icraçı prodüseri Azad Axundov, prodüseri Nazim Hüseynov olan Azərbaycanın Milli Qəhrəmanı Alıcanov Rafiq Cəfər oğlunun həyatına və Qarabağ müharibəsində keçdiyi şərəfli döyüş yoluna həsr olunmuş “Oğuz elinin qəhrəmanı” adlı film nümayiş olunub.
Filmin nümayişindən sonra Ağstafa RİH başçısı Seymur Orucov bildirib ki, belə tədbirlərin keçirilməsi xüsusi əhəmiyyətə malikdir. Torpaq uğrunda canlarından keçən qəhrəmanlarımız hər zaman diqqət mərkəzində saxlanılmalı və onlar gənclərə örnək olaraq göstərilməlidir: “Hər birimiz onların göstərdikləri şücaətləri, qəhrəmanlıqları yadda saxlamalı və gənc nəslə çatdırmalıyıq”.
“Oğuz elinin qəhrəmanı” adlı filmin ssenari müəllifi və rejissoru Kəmalə Musazadə, Milli Qəhrəmanın döyüş yoldaşları Səməd Adil və Əmrah Məmmədov R. Alıcanovun şəxsi igidliyi, şücaətlə xidməti borclarını yerinə yetirməsindən bəhs ediblər.