Bu gün Diplomatik Xidmət Orqanları İşçilərinin Peşə Bayramı münasibətilə sizləri dərin ehtiramla və ürəkdən təbrik edirik. Bu əlamətdar gün təkcə peşə bayramı deyil, bu, sülhə xidmət edən vicdanların, millətlər arasında körpülər quran qəlblərin, insan ləyaqətini və dövlət suverenliyini ən yüksək tribunada qoruyan zəkanın bayramıdır.
Diplomatiya - bu, sözlərin qılıncdan iti, təbəssümlərin sərhədləri aşdığı, səbrin isə ən ali silah olduğu bir sənətdir. Diplomatik fəaliyyət, əslində, görünməz qələmlərlə tarixin kənarında yazılan bir poeziyadır. Burada hər danışıqlar masası, hər beynəlxalq sənəd, hər səfirlik divarı insanlığın ortaq yaddaşına həkk olunur.
Azərbaycan diplomatiyası bu sənətin mahiyyətini ən yüksək səviyyədə təcəssüm etdirən örnəklərdən biridir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müdrik diplomatik xətt bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü bir strateji və mənəvi iradəyə çevrilmişdir. Azərbaycanın beynəlxalq nüfuzu, balanslı mövqeyi, dialoq və əməkdaşlıq mədəniyyəti regionda və dünyada sabitliyin və qarşılıqlı hörmətin simvoluna çevrilmişdir.
Sizə – diplomatik xidmətin fədakar əsgərlərinə təşəkkür edirik. Siz müharibənin deyil, qarşılıqlı anlaşmanın dilini danışırsınız. Siz sərhədləri bölmək üçün deyil, birləşdirmək üçün varsanız. Dünya siyasi səhnəsindəki hər addımınız sülhə atılan addım, diplomatik qələminiz isə insanlıq tarixinin ədalətli nəbzini yazan alətdir.
Diplomatiya yalnız bir peşə deyil, bu, bir ömürlük öhdəlikdir. Bu yolda çalışan hər bir kəs, əslində, bəşəriyyətin vicdanını daşıyır.
Bu bayram günündə diləyimiz budur ki, bütün dünyada diplomatiya dili sülhün, ədalətin və ləyaqətin daşıyıcısı olaraq qalmaqda davam etsin. Azərbaycan diplomatiyasının uğurları daha da artsın, beynəlxalq əməkdaşlıq ruhu möhkəmlənsin və hər bir diplomatın əməyinə hörmətlə yanaşılsın.
Sülhün xidmətçiləri olan bütün diplomatlara can sağlığı, müdriklik, qətiyyət və mənəvi güc arzulayırıq.
David Seliverstov - Magen David Azərbaycan - İnsan Hüquqları müdafiəsi və xeyriyyə cəmiyyətinin sədri, Ümum İsrail Qafqaz Yəhudiləri Asossasiyasinin Azərbaycan nümayəndəliyinin sədri